Rustam Ibrahimbayov - 70

14.02.09 | Xurshid


http//photoload.ru/data/bb/9b/c6/bb9bc609d75ca1c73b0ab3da8d89d3fe.jpg

Rüstəm İbrahimbəyov - 70
Author: Kollektiv
Publisher: www.xariciedebiyyat.azeriblog.com
Publication date: 2009
Language:Azarbayjan

Məqaləı, təbrik, müsahibəsi: "Həmişə döyüşə hazıram


ANAR.
"İnsanda insanlığın tərənnümü"


Əsərləri dünyanın onlarca dilində işıq üzü görmüş Rüstəm İbrahimbəyovun Azərbaycan dilində ilk və son iri kitabı, yanılmıramsa, hələ keçən əsrdə, 1987-ci ildə nəşr olunmuşdu. Yazıçının doğma dılimizdə cap olunan yeni kitabına onun povestləri, hekayələri daxil edilib.
Rüstəm rus dilində yazır, bu bəzən mübahisələr doğurur: Başqa dildə yazıb- yaradan müəllifi nə dərəcədə milli sənətkar saymaq olar? Ən radikal mövqedə duranlar ümumən yalnız doğma dildə yaradan yazıçını öz xalqının sənətkarı sayır.

Məncə, bu kökündən yanlış mövqedır. Əlbəttə, bunu mən də dəfələrlə demişəm, yazmışam, hər bir ədəbiyyat ilk növbədə dogma dildə yaranır, nəsrin, şerin əsas magistral yolu ana dilindən keçir. Amma müəyyən tarixi, ictimai, hətta ailə, şəxsi tale səbəblərindən başqa dildə təhsil almış, başqa dili mənimsəmiş adamları milli ədəbiyyatımızdan ayırsaq, çox böyük itkilərimiz olar. Onda gərək bütün əsərlərini fars dilində yazmış Nizamini, Xaqanini, Məhsətini ədəbiyyat tariximizdən çıxaraq. Füzuli necə? Türkcə yazdığı şah əsərlərində Azərbaycan şairi, ərəbcə yazdıqlarında ərəb, farsca divanında fars sənətçisidir? Mirzə Fətəli Axundzadə Puşkinin ölümünə yazdığı "Şərq poeması"yla fars şairi, "Hacı Qara"sıyla Azər-türk dramaturqudur? İyirminci əsrdə yetişmiş, rus dilində təhsil almış və rus dilində yazan neçə istedadlı şairi, nasiri ədəbiyyatımızdan xaric etməliyikmi? Yaxud kim rus dilində yazdıqları üçün Çingiz Aytmatovun qırğız yazıçısı, Oljas Süleymenovun qazax şairi olmadığını iddia edə bilər? Yenə də təkrar edirəm, dil ünsürü ədəbiyyatda ən mühüm, ən vacib, ən əsas ünsürdür, amma yeganə ünsür deyil. Müəllifin milli mənsubiyyəti, əsərlərinin məzmunu, mövzusu, ruhu, qaldırdığı milli problemlər, yaratdığı milli xarakterlər onun hansı ədəbiyyata mənsub olduğunun dəqiq göstəricisidir.
Hər hansı bir ədəbiyyatın fəxri sayıla biləcək Rüstəm İbrahimbəyovun beynəlmiləl mövzularda pyesləri, ssenariləri də var, bu və başqa əsərlərinə görə o keçmiş SSRİ-nin, indiki Rusiya Federasiyasının, bir çox Avropa ölkələrinin və ABŞ-ın ən yüksək mükafatlarını, o cümlədən "Oskar" ödülünü qazanıb. Amma Azərbaycan xalq yazıçısı, Azərbaycanın Dövlət mükafatı laureatı Rüstəmin Azərbaycan həyatından yazdığı povestləri, hekayələri sırf milli və hətta məhəlli koloriti ilə, dedikləri rus kəlmələriylə ifadə olunmuş personajların dilindəki Azərbaycan özəllikləri hər xarakterin milli səciyyəsi, əsərlərin ümumi ovqatı, ab-havası bu dəyərli sənət örnəklərini milli ədəbiyyatımızın qızıl fonduna daxil etmişdir. "9-cu Xrebtovı", "Unudulmuş avqust". "Park", "Ad günü". "Nəğmə dərsi". "Ezamiyyətdə" mənim fıkrimcə, çağdaş nəsrimizin şah əsərlərindəndir.
Hələ çox illər bundan əvvəl Rüstəmin "9-cu Xrebtovı" povestini oxuyarkən müəllifin ilk iri əsəri olan bu yazı məni heyran etmişdi: ən ağrılı ictimai və milli məsələlərə toxunan gənc nasirin cəsarəti, məişət səhnələrini bu qədər müfəssəl və yerli-yataqlı təsvir etmək məharəti, insan xarakterlərini bunca ustalıqla açmaq bacarığı qibtəyə layiq idi. İlk yazılarından özünü ciddi qələm sahibi kimi tanıdan müəllif ömrü boyu sadiq qaldığı mənəvi mövqeyi elə ilk əsərlərindən bəyan etmişdi. Mən bu mövqeyi insanda insanlıq axtarışı kimi müəyyənləşdirərdim. Gördüyü, tanıdığı, müşahidə etdiyi hər bir insanda Rüstəm ilk növbədə onun insani cəhətlərini, bəzən ilk baxışda sezilməyən, çox dərin qatlarda gizlənən insanlığını axtarır və üzə çıxarmağa çalışır.
Eyni zamanda o, bu insanlığa qənim kəsilən cəhətləri - qəddarlığı, əzazilliyi, zoru nəzərə çatdıra bılir. Adi bir şəhər həyətində, yaxud şəhər kənarında - çöllükdə yeniyetmələr arasında baş verən qarşıdurma ("Unudulmuş avqust" povesti) - təmənnasız fədakarlıqla zülmün toqquşması ("Yaşıl qapı arxasındakı qadın" pyesi) daha qlobal problemlərin, insanlıqla - tutalım, elə faşizmin üz-üzə gəlməsinin modelidir.
"Ezamiyyətdə" hekayəsində bəhs olunan hadisələr "9-cu Xrebtovı"da cərəyan edən olaylardan çox uzaqdır. Məkanlar da fərqlidir. Hekayənin qəhrəmanı elmi işçi Mərdanov Moskvada ezamiyyətdədir, "9-cu Xrebtovı"nın sakinləri öz məhəllələrindən kənara çıxmır. Beləliklə, müxtəlif məkanlar, müxtəlif mühit, müxtəlif maraqlar və müxtəlif davranış qaydaları. Amma buna rəğmən hekayə də, povest də dəruni mənəvi bağlarla bir-birinə bağlıdır, bir-birinə calanır, bir-birini tamamlayır. Onların ümumi cəhəti müəllifin insanda insanlıq axtarışlarının inikasıdır. Yəni mətləb eynidir; insanın həqiqi mahiyyəti, ona təlqin olunan yalançı əxlaq və rəftar ülgülərinə qarşı şəxsiyyətin təbii özlüyü, saxta xətt-hərəkətlərlə pərdələnmiş, zahiri əlamətlərin altında ya arxasında insanın üzvü varlığı, əsl mahiyyəti...
"Ezamiyyətdə" hekayəsinin sadə süjetini açıqlamayacam, hekayəni oxuyub orada nədən bəhs edildiyini bilmək olar. Yalnız ilk oxunuşda da, sonralar yenə bu hekayəyə qayıdarkən də məni həyəcanlandıran sonluqdan danışmaq istəyirəm. Mərdanovun şaxtalı Moskva küçələrində, qarlı qış gecəsində balaca oğlanı çağırması:
"O, gedir və hey oğlanı çağırırdı. Gedir və çağırırdı".
Hekayə bu cümləylə bitir: "Soyuq şimal. Gecə. İki tənha insan - yaşlı kişi və balaca uşaq. Çovğunun uğultusu və bu uğultuda eşidilib itən səs - insanlıq səsi".
"9-cu Xrebtovı"nın iqlim göstəricisi bambaşqadır. Mənə elə gəlir ki, yazıldığı dövrdə amansız və ədalətsiz tənqidlərə məruz qalmış bu əsərin belə müqavimətlə rastlaşması ilk növbədə bu cəhətiylə bağlı idi. Guya ki, milli adətlərimizi təhrif etməsi, xalqımızın mənfi cəhətlərini qabartması, işıqlı həyatımızı qara boyalarla təsvir etməsi kimi ittihamların arxasında rəsmi ideologiyanın və ona xidmət edən tənqidçilərin basqa qorxusu, ayrı xofu vardı - yazıçı ünumiyyətlə, yaşadığımız cəmiyyətin paxırını açırdı, insan təbiətinə zidd olan ehkamlarını damğalayırdı. Bu povest əsasında çəkilmiş "Bir cənub şəhərində" fılmi də (rejissor Eldar Quliyev, operator Rasim Ocaqov) məhz elə bu baxımdan ideoloji serberləri vahiməyə salmışdı. Amma nə yaxşı ki, elə o dövrdə həm povestin, həm filmin əsl dəyərini anlayan və qiymətləndirən adamlar tapıldı. O cümlədən Azərbaycanda da.
Bu ardıcıl müəllif mövqeyi Rüstəmin ondan sonra yazdığı əsərlərinin əksəriyyətində də izlənir, həm də bütün janrlarda - nəsrdə, dramaturgiyada, kinoda.
SSRİ Dövlət mükafatına layiq görülmüş "İstintaq" filmində də (rejissor Rasim Ocaqov), "Yaşıl qapı arxasındakı qadın" pyesində də, Müstəqil Azərbaycan Cümhuriyyətinin faciəvi taleyi haqqında ilk dəfə (əlbəttə o dövrün imkanları çərçivəsində) gerçəyi səhnəyə gətirən "Ultimatum" pyesində də, "Ad günü", "Nəğmə dərsi" kimi həzin qüssəli hekayələrdə də Rüstəm İbrahimbəyov insanda insanlığı tərənnüm edir...

Rüstəm İbrahimbəyov - 70. Təbrik

Hörmətli Rüstəm müəllim!


Sizi - görkəmli sənətkarımızı, yazıçı-dramaturq və kino xadimini 70 yaşınızın tamam olması münasibətilə təbrik edirik.
Siz ədəbi yaradıcılığa ötən əsrin altmışıncı illərində başlamısınız, az bir zamanda imzanız nəinki ölkəmizdə, onun hüdudlarından kənarda da tanındı. "İşgüzar səfər", "Unudulmuş avqust", "Bağ evi" kimi əsərləriniz ədəbi ictimaiyyət tərəfindən böyük maraqla qarşılanmışdı. Qələmə aldığınız əsərlər mövzusunun müasirliyi, yüksək bədii dəyəri ictimai problemlərə orijinal yanaşma tərzi ilə diqqəti cəlb edirdi. Qırx ili adlayan çox məhsuldar və şərəfli yaradıcılıq yolu keçmisiniz. İndi görkəmli yazıçı, kino xadimi kimi sizin adınız ölkəmizin sərhədlərindən çox-çox uzaqlarda da məşhurdur. Milli kinomuzun qiymətli nümunələrindən sayılan "Bir cənub şəhərində", "Ad günü", "İstintaq", "Ölsəm, bağışla", "Həm ziyarət, həm ticarət" filmlərinin ssenari müəllifisiniz. Sizin ssenariniz əsasında çəkilmiş "Səhranın bəyaz günəşi" filmi "Mosfilm" kinostudiyasında ekranlaşdırılmış, çox böyük uğur qazanmışdır. Sizin ssenariləriniz əsasında Odessa kinostudiyası "Çekist haqqında povest", "Qırğızfilm" kinostudiyası "Bunun eybi yoxdur", "Mosfilm" kinostudiyası "Müharibənin sonunda sakit gün", M.Qorki adına Kinostudiya "Onda mən də "yox" dedim" filimlərini çəkmişdir. 90-cı illərdə ekranlara çıxmış və ən yüksək beynəlxalq mükafatlara layiq görülmüş "Qətldən yeddi gün sonra", "Urqa məhəbbət ərazisi", "Sibir bərbəri", "Günəşdən usanmışlar" və s. filimlərin də ssenari müəllifi sizsiniz. Amerika Kino Akademiyasının "Oskar" mükafatını almış ilk azərbaycanlısınız.Yaratdığınız "İbrus" teatrı da çoxşaxəli fəaliyyətinizin bir hissəsidir. Hələ sovet dövründə ən yüksək mükafatlara - SSRİ Dövlət mükafatına, Azərbaycan SSR Dövlət mükafatına, Ümumittifaq Komsomol mükafatına layiq görülmüsünüz. Ədəbiyyatımız və mədəniyyətimiz sahəsində xidmətləriniz yüksək qiymətləndirilmiş, sizə respublikanın xalq yazıçısı, əməkdar incəsənət xadimi fəxri adları verilmiş, Azərbaycan Respublikasının "Şöhrət" ordeni ilə təltif edilmisiniz. Çoxlu sayda beynəlxalq mükafatlar almısınız.
Kino sahəsindəki fəaliyyətiniz yalnız ssenari işi ilə məhdudlaşmır. Kino işinin bacarıqlı təşkilatçısı və rəhbəri kimi səmərəli fəaliyyət göstərirsiniz. Uzun illərdir Azərbaycan Kinematoqrafçılar İttifaqının sədrisiniz.
Hörmətli Rüstəm müəllim!
Sizi bir daha yubiley münasibətilə təbrik edir, sizə uzun ömür, cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

Azərbaycan Yazıçılar Birliyi

"Ədəbiyyat qəzeti"

Rüstəm İbrahimbəyov:


«Qərbdə ziyalı anlayışı yoxdur, intellektual var»
«İndikilər qazandıqlarını bölüşmək istəmirlər, bu isə faciə ilə qurtaracaq»
Rüstəm İbrahimbəyov… Azərbaycanın dünya şöhrətli kinodramaturqu, «Oskar» ödüllü ilk və hələlik yeganə soydaşımız. Geniş təqdimata təbii ki, ehtiyac yox. Yalnız onu deyək ki, dünən onun 70 yaşı oldu. Bu əziz günündə Rüstəm müəllimi təbrik etmək, eləcə də yubiley düşüncələrini öyrənmək üçün onunla Bakıdakı mənzilində görüşdük. Çoxlu qonaqların və xaricdən gələn təbrik zənglərinin vaxtını almasına baxmayaraq, müsahibəyə zaman ayırdı.
- 70 yaşlı Rüstəm İbrahimbəyov özünü Bakıda, Moskvada, yoxsa Parisdə rahat hiss edir?
- Siz bu müsahibəni harda götürürsünüz?
- Sizin Bakıdakı mənzilinizdə.
- Evimdəyəmsə, deməli, ən rahat yer mənim üçün Bakıdır.
- Bu yaşda olan azərbaycanlıları Rusiya və Fransadakı həmyaşıdlarınızla müqayisə edəndə qarşınızda hansı mənzərə canlanır?
- Mənim dostlarımın yarısından çoxu dünyasını dəyişib. 70 yaşa çatmağın özü böyük qələbədir. Ona görə Allahdan çox razıyam ki, mənə bu yaşa çatmağa imkan yaradıb. Çalışıram ki, cavanlıqda olduğu kimi, həyatdan maraq və ləzzət axtaram. Suala gəlincə, fərq elə cavanlıqda olduğu kimidir. Rusiya və Fransanın mədəniyyəti, incəsənəti, ədəbiyyatı mənə çox yaxındır. Bəlkə onların mədəniyyətlərini onlardan da dərin hiss edirəm. Amma onlar mənim bildiyimi bilmirlər, muğam eşidəndə gözləri yaşarmır. Ona görə özümü həmişə onlardan üstün hiss edirəm.

- Niyə?
- Çünki onların qavradıqlarını və hiss etdiklərini başa düşürəm. Amma qarşı tərəfdə Azərbaycana münasibətdə bu hissi görmürəm. Heç ola bilməz. Ona görə kim olur olsun, özümü onlardan üstün hiss edirəm.
- Bəs onların bilməməzliyində günahkar bizik, yoxsa özləri?
- Yox, bu, günah yox, mədəniyyət məsələsidir. İş ondadır ki, biz Bakıda yaşaya-yaşaya uşaqlıqdan Qərb mədəniyyəti və ədəbiyyatı ilə tanışıq. Ancaq Qərb adamı Şərqi çox pis bilir. Düzdür, Qərbdə Şərqi dərindən bilənlər var, amma onlar əsasən müsiqişünaslardır, adi mədəni adamın Şərqdən anlayışı yoxdur. Əsas problem odur ki, hiss etmirlər. Mənim mərhum dostum vardı, bəstəkar Leonid Vaynşteyn, onun əsərləri geniş yayılmışdı. O danışırdı ki, bir dəfə günorta vaxtı taksiyə minir, radioda da muğam saatı gedirmiş. Müsiqi bitəndən sonra elan edirlər ki, Leonid Vaynşteyn «Fantaziya-8». Bunu eşidən kimi radionu söndürür. Bunu danışmaqda məqsədim Şərq mədəniyyətinin təsirini göstərməkdir.
- 70 yaşa çatmağı qələbə hesab etdiniz. Bəs bu qələbə ruhun, yoxsa bədənin hesabına olub?
- Bədən sağlam olmasa, ruh çətin vəziyyətdə olar. Amma 40, 50 yaşında bir çox adamlar var ki, ruhdan danışsalar da, ruhdan düşürlər. Mən çox 40 yaşlı qoca adamlar tanıyıram. Əsas həyata maraqdır. Çünki həyat bizə çox şeyi bağışlayır və rəngarəngdir. İnsan həyata marağını itirmirsə, heç vaxt qocalmır. Amma Yaponiyada qocalıq yaşla bağlı deyil. Yaponlar deyirlər ki, filankəs növbəti döyüşə hazır deyil və razılıq vermir. Deməli, qocalıb. Fərqi yoxdur yaşı 40, yoxsa 150 olsun. Əgər şəxsiyyət növbəti döyüşə hazırdırsa, deməli, qoca deyil.
- Siz növbəti döyüşlərə hazırsınızmı?
- Bəli. Mən bu barədə qıvrağam.

- Məsələ ondadır ki, Yaponiya da, Azərbaycan da Şərqə məxsusdur…
- Amma başqa cür Şərqdirlər. Biz müsəlman Şərqiyik, Yaponiya isə Budda.
- «Böyük Rusiya Enskilopediyası»ndakı bioqrafiyanızda yazılır ki, Rusiyanın dörd dövlət mükafatına layiq görülmüsünüz. Bunlar hansılardır?
- Birinci mükafat «Ağ səhra günəşi», ikinci «Urqa», üçüncü «Günəşdən usanmışlar» və nəhayət, sonuncu «Sibir bərbəri» filmlərinə görə verilib. Bu dörd filmin hər biri dövlət mükafatına layiq görülüb. Ancaq bunlardan əvvəl «İstintaq» filmi SSRİ dövlət mükafatı qazanıb ki, bu da hamısından üstündür. Bu gün (dünən – red.) Rusiyanın «Kultura» kanalında bu filmi nümayiş etdirəcəklər. Həm də gün ərzində «Vaxt» proqramı 5 dəfə yubileyimlə əlaqədar informasiya verəcək. Saat 20-də isə sənədli film göstərəcəklər. Demək istəyirəm ki, Rusiyada mənə qayğı qat-qat artıq göstərilir, nəinki vətənimdə.
- Bu, hansı amillərdən irəli gəlir?
- Konkret heç nə deyə bilmərəm. Artıq Rusiya prezidenti Medvedev, Federasiya Şurasının sədri Mironov və altı səfirdən təbrik məktubu almışam. Dünyanın bir çox ölkələrindən təbriklər telefon və başqa vasitələrlə çatdırılır. Axşama hələ var, ola bilsin ki, nazir təbrik etsin. Çox razıyam İsa Qəmbərdən, gözəl sözlərlə təbrik edib. O cümlədən Cəmil Həsənlinin iki gündür «Azadlıq» qəzetindəki məqaləsini oxuyuram. Mən o kişidən çox razıyam. Cəmil müəllim əsl vətəndaş olmaqla bərabər, böyük alimdir. Onun sözləri mənim üçün böyük qiymətdir.
- Dünyada «ziyalı və intellekt kimdir» sualları müzakirəyə səbəb olmadığı halda, Azərbaycanda bu yöndə müzakirələr aparılır. Nədən biz bu kimi məsələləri ibtidaidən başlayırıq öyrənməyə?
- Məsələ ondadır ki, bu cür diskussiyalar Rusiya və ona bağlı ölkələrdə aparılır. Qərb belə şeyləri başa düşmür.

- Nə üçün?
- Çünki Qərbdə ziyalı anlayışı yoxdur, intellektual var. Ziyalı anlayışını rus ədəbiyyatı və mədəniyyəti yaradıb. Qərbdə bu termin yoxdur. Orda intelligensiya yox, intellektual var. Bu, bizim qələbəmizdir. Ona görə ki, bu, insanın ən dəqiq və hərtərəfli qiymətidir.
- Bəlkə Qərb həmin mərhələni ötüb və biz geri qalmışıq?
- Xeyr, Qərb həmin mərhələni keçməyib və bəlkə hələ çatacaq. Çünki ziyalı məsələsi əxlaq, ruh, mənəviyyatla bağlıdır ki, Qərb bunlarla o qədər də maraqlanmır. Dünyada rus ədəbiyyatı bu məsələni daha da aktuallaşdırıb. Konkret olaraq Dostoyevskinin, Çexovun, Berdyayevin qəhrəmanlarında ziyalılıq var. ADR tarixinin sənədləri ilə tanış olanda başa düşdüm ki, həmin dövrdə çox böyük ziyalı təbəqəsi olub. Öz valideynlərim və onların yaxınları da ziyalı olublar. Cəmil Həsənlinin ziyalılıqla intelektuallığı eyni şey saymamasını bölüşürəm. Adam intelektual ola bilər, amma ziyalı yox. Qərbdə birinciyə fikir verirlər. Ancaq fəhlə və kəndli də ziyalı ola bilər. Çünki ziyalılıq dünyaya, xalqa və dövlətə münasibətdir. Yeri gələndə, xalqın və dövlətin marağını öz mənafeyindən üstün götürməkdir. Ziyalı üçün xalqın keçmişi və gələcəyi canlıdır. Şekspir bunu zamanı qabaqlayan adlandırır. Bax, ziyalılıq da zamanı qabaqlayanlara deyirlər.

- Ancaq nədənsə Sizi müdafiə edən ziyalılar susurlar…
- Nəyi nəzərdə tutursunuz?
- Ölkədə problemlər hər gün artır, mətbuat təzyiq altındadır, xarici radioların tezliyi qapanır, amma onlar susur. Nədir susqunluğun səbəbi?
- Mən Sizə də, başqa jurnalistlərə də dəfələrlə demişəm: biri var açıq publisist çıxışlar, biri də var öz peşəsi ilə məşğul olanlar. Təəssüf ki, jurnalistlər bədii əsərləri oxumurlar. Mənim son üç əsərimlə tanış olsaydınız, belə danışmazdınız.
- Rüstəm müəllim, söhbət Sizdən getmir…
- Başqaları da çalışır axı.
- Məsələn, kimlər?
- Cəmil Həsənli.

- Biz Cəmil müəllimi də istisna edirik. Bəs Anar, Elçin niyə susurlar?
- Mən bu barədə heç nə deyə bilmərəm. Anarın susduğunu söyləyə bilmərəm. Onun «Ağ qoç, qara qoç» əsəri susmaqdırmı? O yazıçıdır və həmin əsərdə Azərbaycanın gələcəyini aydın şəkildə göstərir.
- İndiki ziyalılardan söz düşmüşkən, onlardan birinin adı Britaniyanın «Britanika», Fransanın «La Ruse» kimi məşhur enskilopediyalarına düşübmü?
- Bunu bilmirəm. Amma hansısa enskilopediyada Qara Qarayevi erməni bəstəkarı kimi təqdim ediblər. Düzdür, rəsmi şəkildə etiraz edildi. Onu da bilirəm ki, mənim, qardaşımın və Azərbaycanın 25-ə yaxın görkəmli incəsənət və elm xadiminin adı rus ensiklopediyasına daxil edilib. Bunun özü böyük şeydir.

- Ermənilərdən nə qədər adamın adı var?
- Ermənilər də var, ancaq sayını heç vaxt müzakirə etməmişəm. Bilirsiniz, Ermənistan bir dövlət kimi bizim düşmənimizdir. Çünki ərazilərimizi işğal edib. Təəssüf ki, inldiyə qədər torpaqlarımıza qayıda bilmir və lazımi müqavimət də göstərə bilmirik. Ancaq heç vaxt erməni xalqını düşmənimiz saymamalıyıq. Bir çox ermənilər tanıyıram ki, qorxurlar. Onlar ermənilər haqqında deyirlər ki, bu millət deyil, təşkilatdır. Onlardan biri özünü düz aparmasa, terrorçu təşkilatlar onu məhv edərlər. Buna baxmayaraq, bir neçə il əvvəl 30-a yaxın erməni Ermənistanın siyasətinə qarşı etirazını bildirdi.
- İndiyə qədər epatajdan istifadə etmisinizmi?
- «Bir cənub şəhərində» filmini çəkən zaman mən Kinematoqrafçılar İttifaqının sədriydim. O zaman bu vəzifəni Mərkəzi Komitənin katibliyi təsdiqləyirdi. Həmin vaxt Heydər Əliyev bizi qəbul edəndə bildirdi ki, mən Sizi yaxşı başa düşürəm, filminizə də baxmışam. Siz cavanlar çalışırsınız sensasion bir hərəkət edəsiniz ki, diqqət yaradasınız. Onda mən cavab verdim ki, Heydər Əliyeviç, bizim məqsədimiz budur ki, ekrana həyatı çıxardaq və kinonu real həyatla yaxınlaşdıraq. Yəni bir az həqiqətdən danışaq. Bax, epatajın yaranması artıq nəticədir. Elə Rusiya mətbuatına son müsahibəmin hansı ajiotajı yaratması məlumdur. Amma həmin müsahibədən əvvəl bu sözləri söyləsəm də, heç kəs fikir verməyib. Bu, təsadüfi şeylərdir. Həyatımda beş-altı dəfə bu cür hadisələr olub ki, bu, xasiyyətimdən irəli gəlir. Mən kasıb deyiləm, amma heç vaxt pul qazanmağı qarşıma məqsəd qoymamışam. Çalışmışam ki, mənə ləzzət edən işlə məşğul olum, nəticədə nə alınar, alınar. Bu baxımdan çox xoşbəxtəm. Çünki insanların çoxu bir parça çörək üçün dəyərli və vacib şeylərini qurban verirlər. Bundan böyük faciə yoxdur. İnsan maraqlı və fərəhli həyat qurmaq üçün yaşamalıdır. Ancaq bizdə çox vaxt əksinə olur.
- Bəs bu faciəni kimlər yaradır?
- Bu tarix boyu belə olub. Sadəcə, bir sıra ölkələrdə çox, bəzilərində az olub. Biz kapitalizmə doğru yeni-yeni addım atırıq. Ona görə özümüzü XIX əsrin Avropası ilə müqayisə etməliyik.
- Demək istəyirsiniz ki, Azərbaycan hələ XIX əsrin Avropasındadır?
- Biz də, postsovet respublikaları da həmin dövrün durumunu yaşayırıq. İndiki kapitalizm ilkin, yəni vəhşi kapitalizmdir. Hələ 30-40 il lazımdır ki, əsl kapitalizm mədəniyyəti yaransın. İndikilər qazandıqlarını bölüşmək istəmirlər, bu isə faciə ilə qurtaracaq. Ancaq əsl kapitalizmdə varlı ilə kasıb arasında ciddi fərq olmur.

- Rüstəm müəllim, qlobal böhran büdcənizə zərər vurubmu?
- Bir lətifə var: uşaq atasından soruşur ki, böhran bizə toxunubmu. Atası cavab verir ki, yox, bizə toxunmayıb. Çox varlı adamlara, oliqarxlara toxunub, bizim işlərimiz isə lap pozulub. Bu baxımdan əlbəttə, böhran öz təsirini mənə də göstərib. Azərbaycanda hələ vəziyyət pis deyil. O mənada ki, hökumət kinoya yardım edir.

- Belə fikirlər var ki, iqtisadi böhran yeni markslar, leninlər yaradacaq. Bunları bölüşürsünüzmü?
- Xeyr. Bilirsiniz, bizneslə qadınlar məşğul olsaydı, böhran bu səviyyədə olmazdı. Çünki böhranı lovğalıq yaratdı. Qadın həmişə uşağı, ailəni düşünür, kişilər isə biri-biri ilə rəqabət aparır. Böhranı da rəqabət və acgözlük yaratdı.

Natiq CAVADLI



Поделитесь записью в соцсетях с помощью кнопок:

Просмотров: 4683
Рейтинг:
  • 5

Реклама от партнеров: